23.3.14

Dövlət Proqramı Haqqında

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu istiqamətində uğurlu addımlar atılmışdır. Beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlıq inkişaf etməyə başlamış, qabaqcıl dünya ölkələri ilə ayrı-ayrı sahələrdə inteqrasiya prosesləri geniş vüsət almışdır. Ölkənin daxili və xarici siyasətini təmin edən təsisatların fəaliyyəti, müxtəlif sahələrdə yeni iş yerlərinin açılması, regionların inkişaf səviyyəsindəki fərqlərin aradan qaldırılması və iqtisadiyyatın yeni infrastrukturunun formalaşdırılması məqsədi ilə hökumət tərəfindən həyata keçirilən tədbirlər respublikamızda bir sıra ixtisaslar üzrə kadr çatışmazlığı probleminin həllini zəruri etmişdir.



Qloballaşma proseslərinin fəal iştirakçısı olan Azərbaycan Respublikasında iqtisadiyyatın dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi öz növbəsində yeni tipli iqtisadçı kadrlar hazırlanmasına tələbat yaratmışdır. Biliklərə əsaslanan iqtisadiyyata transformasiya yolunda aparılan işlər informasiya cəmiyyətinin tələblərinə uyğun yüksək hazırlığa malik mütəxəssislərə ehtiyacı artırmışdır. İnformasiya cəmiyyəti üzrə ümumdünya sammitində ölkənin "qara qızıl"ının insan potensialının gücləndirilməsinə yönəldilməsi ilə bağlı Azərbaycanın qaldırdığı problem informasiya texnologiyaları və innovasiya sektorunda kadr hazırlığı işinin təkmilləşdirilməsini vacib etmişdir.

Azərbaycanda elm və təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsr ərzində formalaşmışdır. 1970-1980-ci illərdə SSRİ-nin müxtəlif ali məktəblərinə gənclərin kütləvi şəkildə göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkan vermişdir. Bununla belə 1990-cı illərdən sonra müəyyən obyektiv və subyektiv amillər nəticəsində bir sıra sahələrdə çalışanların dünyada baş verən müasir proseslərlə ayaqlaşa bilməməsi reallığa çevrilmişdir.

Təəssüf ki, fundamental elmlərin kadr təminatı problemləri ilə yanaşı, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin zəngin irsinə dair araşdırmaların azərbaycançılıq məfkurəsi çərçivəsində aparılması üçün mövcud kadr potensialı kifayət qədər deyildir. Dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və əlyazma fondlarında saxlanılan milli-mədəni sərvətlərimizin üzə çıxarılaraq tədqiq olunması aktuallıq kəsb etsə də, müvafiq hazırlığa malik kadrların çatışmazlığı hiss olunur. Bu gün Azərbaycanın ali təhsil müəssisələrinin imkanlarının məhdudluğu elm və təhsilimizin əsaslı problemlərinin həlli işinin tam həcmdə həyata keçirilməsini çətinləşdirir.

Son vaxtlar Azərbaycanın iqtisadiyyatı kimi Azərbaycan elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunmuşdur. Elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Bu proseslərin dövlət sazişləri çərçivəsində yalnız bir qismi tənzimlənir. Lakin müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir.

Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında ölkə daxilində və xaricində müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemlərində, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin və mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsin qoyur.

Bütün bunlar Azərbaycanda dövlət qurumlarının işinin təkmilləşdirilməsi, iqtisadiyyatın yeni yüksək səviyyəyə qaldırılması, ölkənin elm və təhsil potensialının zənginləşdirilməsi naminə dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında mütəxəssis hazırlanması zərurətini meydana gətirmişdir.

Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır. Həmin sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda (bundan sonra Dövlət Proqramı) istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur.