Təhsil Nazirliyi və “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Selcan Qurbanovadır.
Selcan
Qurbanova 1994-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini
A.Ələkbərov adına İncəsənət Gimnaziyasında alıb. Uşaqlıqdan incəsənətə
olan marağı Selcanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil
almağa gətirir. Seçdiyi ixtisas üzrə peşəkar olmağı qarşısına məqsəd
qoyan Selcan hazırda İtaliyanın Milan şəhərində “Scuola Politecnica di
Design” Universitetində qrafik dizayn üzrə magistratura təhsilini davam
etdirir.
-Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
-
Sözün düzü, İtaliyada təhsil almaq mənim uşaqlıq arzum idi. Bura
gəlməzdən əvvəl gözləntilərim çox böyük idi, çox şanslıyam ki, ümidlərim
özünü doğrultdu. Xaricdə təhsil mənim həyatımda çox müsbət
dəyişikliklər edib. Ən birincisi ixtisasımla bağlıdır. Burada öyrəndiyim
biliklərin “niyə”sini anladım, çərçivədən kənar düşünmə qabiliyyəti,
işi necə təkmilləşdirməli, təqdim etməli, dizaynda materialların önəmi
və bir çox bilgilər.
Bundan
əlavə olaraq, kommunikasiya qabiliyyətim çox inkişaf etdi. Burada bir
çox millətin nümayəndəsini tanıyıram, onların mədəniyyətlərini,
dillərini, adətlərini daha yaxından öyrənirəm, bu da dünya görüşümün
formalaşmasına çox böyük töhfə verir.
-Niyə məhz bu ixtisası seçdiniz?
-
Mən 7 ilə yaxın fotoqraf kimi fəaliyyət göstərmişəm, amma həmişə
beynimdə bir ideya olub ki, dizayner olacağam. Bu istək məndə o qədər
güclüdür ki, özümü başqa ixtisasda təsəvvür edə bilmirəm. Qrafik dizayn
heç vaxt mənə yorucu, məcburi iş kimi görünmür, işləyən zaman zövq
alıram, istədiyim nəticəni almaq hissi isə əvəzedilməzdir.
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
-
Dizayn innovasiyalar və yeniliklərlə dolu bir sahədir. Çox istərdim ki,
bütün tələbələr daha yaradıcı düşünüb, şablondan bir az kənara çıxıb
daha yenilikçi olsunlar və ən əsası universitetlə heç vaxt
kifayətlənməsinlər. Daima xarici saytları izləyib, yeniliklərdən,
trendlərdən xəbərdar olub, öz üzərlərində işləsinlər.
- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ?
-
Burada Azərbaycan deyəndə hər kəs tanıyır, amma fürsət düşdükcə
dilimiz, adətlərimiz, milli yeməklərimiz haqqında məlumat verirəm.
Bundan əlavə, “Milan dizayn həftəsi- 2016”da sərgilənən işimdə də
Azərbaycanın adı qeyd edilib.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
-
Müəllimlərimiz hamısı çox məşhur dizaynerlərdir. Buna baxmayaraq
münasibətimiz dost münasibətindən fərqlənmir. Müəllimlər bizə tam
rahatlıq verdiyi üçün bu işimizə də təsir edir. Heç nəyi soruşmaqdan
çəkinmirik, onlar da bizə düzgün yolu göstərirlər.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Çox razıyam, özümü heç vaxt başqa ölkədən gəlmiş kimi hiss etməmişəm. İtalyanlara da, bizə də eyni cür davranış sərgiləyirlər.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
-
Bakıda ancaq dizayn təhsili almışam. Ona görə də digər sahələr haqqında
çox məlumatlı deyiləm. Dərslərin daha interaktiv keçilrilməsini,
təqdimatların, imtahanların rəqəmsal olmasını çox istəyərdim. Bakıya
qayıdanda kiçik seminarlar təşkil etmək planlarımdan biridir.
- Çətinlikləriniz varmı?
- Milli yeməklərdən uzaq qalmağı saymasaq, elə də çətinliyim yoxdur.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
-
Milanda dizaynla bağlı çox yaxşı muzeylər var. Vaxt tapdıqca sərgilərə
gedirəm, bəzən yaxın şəhərlərə səyahət edirəm. Hər şəhərdən başqa ilham
alıram, özümə daim stimul verirəm.
-Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ?
-
Planlarim çox yüksəkdir. Artıq Bakıda çox bəyəndiyim şirkətlərdən iş
təklifi almışam. Gələcəyim üçün çox böyük töhfəsi olacağına əminəm.
-Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
-
Azərbaycan gənclərini daha çox motivasiyalı görmək istəyirəm. Qarşınıza
məqsəd qoyub onun arxasınca getməlisiniz. Mən İtaliya arzumu kiminləsə
paylaşanda hamı alınmaz deyirdi, həvəsdən salırdılar. Amma qarşıma
məqsəd qoyaraq hər şeyin öhdəsindən gəldim. Kimsə tərəfindən
həvəsləndirilməyinizi gözləməyin, sizi ruhlandıracaq kimsə varsa, o da
sizin özünüzsünüz. Uğurlar hər bir məqsədinizdə!
1News.az